Aİ və Azərbaycan investisiya və bağlantıları artırmaq məqsədilə əməkdaşlığı gücləndirir

Avropa Komissiyası

Pres reliz

Bakı, 28 yanvar 2026

 

Aİ və Azərbaycan investisiya və bağlantıları artırmaq məqsədilə əməkdaşlığı gücləndirir


Bu gün Avropa İttifaqı və Azərbaycan Aİ-nin Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində  tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.Birlikdə onlar nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzunmüddətdə ortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər.

Bu çərçivədə, Avropa İttifaqı və Azərbaycan AYİB ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işlərinə başlamaq barədə razılığa gəliblər. Bu, Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiyadır.Bu dəmir yolu, 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.  

Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi fayda qarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır. 

İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək. Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək.