Page language:
Azərbaycanca

Avropa İttifaqı Azərbaycanda 1-ci virtual mədəniyyət Festivalını həyata keçirəcək

06.05.2020

Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”-nin 70 illik yubileyi münasibəti ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə birlikdə ilk dəfə 4-cü IMAGINE Avro Tolerantlıq Festivalı 2020-nin rəqəmsal formatda keçiriləcəyini elan etməkdən məmnunluq duyur.

Koronavirus (COVID-19) səbəbindən Aİ Nümayəndəliyi IMAGINE Avro Tolerantlıq Festivalını ənənəvi formatda keçirə bilməyəcək, lakin əvəzində azərbaycanlıların müxtəlif mədəniyyət tədbirlərini öz evlərindən izləyə biləcəyi virtual formatlı Festival keçirmək qərarına gəldi. Bu günlərdə vacib dəyərə çevrilən həmrəylik bu ilin xüsusi mövzusu olacaqdır. 

 

IMAGINE Avro Tolerantlıq Festivalı 2020-nin bu ilki buraxılışında əvvəllər Bakıda olmuş və ya 2020-ci ildə onu ziyərət etməyi planlaşdırmış dünyanın müxtəlif yerlərindən olan bir neçə musiqi qrupu, musiqiçi və müğənnilər “Bakı üçün Bir Nəğmə” adlı xüsusi musiqili proqramda Bakı və Azərbaycana bir nəğmə həsr edəcəklər. Bu, Azərbaycan xalqı ilə həmrəyliyi nümayiş etdirməyin bir yoludur. Zəngin və çox müxtəlif olan bu musiqili proqram “Avropa Günü” və ya “Şuman Günü” kimi tanınan 9 mayda canlı olaraq yayımlanacaq. Digər konsertlərə Çili-Belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın 12 maydakı canlı konserti və 15 mayda dünyanın fərqli yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti daxildir.

 

9 mayda keçiriləcək “İdeyalar Forumu”-nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “Covid-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini və düşüncələrini bölüşəcəklər. Onların düşündürücü videoları Covid-19-un həyatımızı, qlobal siyasi, iqtisadi və sosial nizamımızı necə dəyişə biləcəyi, Avropanın misli görünməmiş bu böhrandan necə çıxacağı mövzularını əhatə edəcəkdir.

 

Virtual sərgilər zamanı Fransa, Hollandiya və Rusiyadan olan tanınmış fotoqraflar bizə peşəkar həyatlarında çəkdikləri ən vacib fotolara dair bələdçilik edəcək və arxa planı izah edəcəklər. Özünü təcrid və karantin dövründə Avropalı rejissorlar tərəfindən çəkilən, karantinin yaradıcılığı məhdudlaşdıra bilmədiyini sübut edən unikal eksperimental filmlərin kiçik bir hissəsi Festivalda yer alacaqdır.

 

Festival zamanı konsertlər, debatlar, master-klasslar, poeziya tədbirləri, incəsənət sərgiləri, film nümayişləri kimihər kəsin əylənə biləcəyi və bəyənəcəyi bir çox tədbir keçiriləcəkdir.

 

 

IMAGINE Avro Tolerantlıq Festivalını https://www.euroimagine.az/ veb saytından və ya https://www.facebook.com/ImagineEuroToleranceFestival ünvanından izləyə bilərsiniz.

 

Aİ Nümayəndəliyi ümid edir ki, payızda IMAGINE festivalının ikinci hissəsi bir çox sənətçinin fiziki iştirakı ilə də mümkün olacaqdır. Biz birlikdə güclüyük!