Azərbaycan: Ali Nümayəndə/Vitse-Prezident Kaya Kallasın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı
25.04.2025
Bakı, Azərbaycan
Təşəkkürlər, Zati-aliləri,
Hörmətli xarici işlər naziri cənab Bayramov!
Bu gün məni Bakıda qəbul etdiyiniz üçün çox sağ olun. Burada olmaq həqiqətən xoşdur.
Azərbaycan regionda bizim mühüm tərəfdaşımızdır. Avropa İttifaqı olaraq enerji tərəfdaşımızı yüksək qiymətləndiririk. Biz birlikdə əlaqələrimizin möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etmişik.
Siz Avropa İttifaqına enerji təchizatını şaxələndirməkdə və dünyanın misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda öz enerji təhlükəsizliyimizi gücləndirməkdə kömək etdiniz.
Biz həmçinin Azərbaycana Ukraynaya göstərdiyi humanitar dəstəyə və keçən il COP29 Sammitinə ev sahibliyi etməklə nümayiş etdirdiyi liderliyə görə minnətdarlığımızı bildiririk.
Bu kimi çoxtərəfli səylər göstərir ki, ölkələr əməkdaşlıq etdikdə biz qlobal məsələlərə real təsir göstərə bilərik.
Eyni zamanda, bizim münasibətlərimiz ikitərəfli xarakter daşıyır. Bizim uzunmüddətli tərəfdaşlıq ənənəmiz var.
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və eyni zamanda ən böyük investorudur.
Aİ həmçinin Azərbaycanda minalardan təmizləmə işlərinə əsas dəstək göstərən təşkilat olub. Biz münaqişənin qalıqlarının təmizlənməsinə və insanların həyatının xilas edilməsinə yardımçı olmuşuq.
Əməkdaşlığımız gələcək inkişaf üçün böyük potensiala malikdir.
Bu gün daha öncə sizinlə və Prezident Əliyevlə də görüşlərdə Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən regionda ticarətin həcminin daha da artırılması və əlaqələrin yaxşılaşdırılması ilə bağlı variantları müzakirə etdik.
Mən həmçinin məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqları bərpa etmək barədə razılaşdıq.
Bu, qarşılıqlı hörmətə, o cümlədən Üzv Dövlətlərimizə, eləcə də qanunun aliliyinə və insan hüquqları da daxil olmaqla, fundamental prinsiplərimizə hörmət əsasında inkişaf edəcək bir münasibətdir.
Hörmətli cənab nazir,
Biz həmçinin Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması barədə də məhsuldar fikir mübadiləsi apardıq.
Avropa İttifaqı dayanıqlı və davamlı sülhə nail olmaq üçün hər iki tərəfin səylərini dəstəkləyir.
Ermənistan və Azərbaycanın indi buna nail olmaq imkanları var.
Mən sülh müqaviləsinin mətni üzrə əldə olunmuş razılaşmanı alqışlayaraq bildirirəm ki, növbəti addımları səbirsizliklə gözləyirik.
Bu gün məni Bakıda qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm.